ELM VƏ TƏHSİL
Azərbaycan-Çin ədəbi əlaqələri daha da genişləndirilir
Bakı, 16 iyun, AZƏRTAC
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Çin Milli İctimai Elmlər Akademiyasının Milli Ədəbiyyat İnstitutunun professoru Huang Zhongxaing ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədli qonağı institutdakı Çin və Koreya mərkəzləri ilə tanış edib, Asiya xalqları ədəbiyyatı ilə bağlı görüləcək işlərdən söz açıb.
Huang Zhongxaing Çinin tarixi və mədəniyyəti, bu ölkədə yaşayan türk xalqları haqqında məruzə edib. Türk dilini mükəmməl bilən alim yazının inkişafı ilə əlaqədar olaraq Çində şifahi ədəbiyyatın təşəkkül tapa bilmədiyini, Tan sülaləsinin hakimiyyəti illərində ədəbiyyatın qızıl dövr yaşadığını bildirib, müasir Çin ədəbiyyatının nümayəndələri barədə maraqlı fikirlər səsləndirib.
B.Əhmədli türkoloq alimə Çin və türk mənbələrindəki “Oğuznamələr” arasında müqayisəli təhlillər apararaq ortaq tədqiqat işi yaratmağı təklif edib.
Görüşün sonunda təməli qoyulmuş bu dostluğun, Azərbaycan-Çin ədəbi əlaqələrinin daha da genişləndirilcəyi qeyd edilib.