Azərbaycan-Çin əlaqələri böyük bir coğrafiya üçün ciddi imkanlar açır - Politoloq
AzerTAg.az

Bakı, 1 aprel, AZƏRTAC
Məlum olduğu kimi, Azərbaycanın xarici siyasət fəlsəfəsində dünyanın bütün dövlətləri ilə bərabər tərəfdaşlıq əsasında münasibətlər qurmaq və inkişaf etdirmək əsas yerlərdən birini tutur. Coğrafi cəhətdən kiçik dövlətlər üçün heç də asan başa gəlməyən, qarşılıqlı hörmətə əsaslanan və milli maraqların bərabər şəkildə reallaşması ilə nəticələnən münasibətlər sistemi qurmaq Azərbaycanın xarici siyasətinin müvəffəq olduğunun göstəricisidir. Çoxvektorlu və praqmatik xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində və dünya siyasətində öz mövqeyini gücləndirmək və yeni geostrateji əməkdaşlıq platformalarını gerçəkləşdirmək üçün həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr dairəsini genişləndirməkdədir. Yüksək səviyyədə əlaqələrin qurulduğu dövlətlərdən biri də Çindir. Çin-Azərbaycan əməkdaşlığı hazırda yüksələn xətlə inkişaf etməkdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
Onun sözlərinə görə, “Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında” 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Birgə Bəyannamə tərəflər arasında yeni səhifənin açılmasında mühüm rol oynadı. Çin hazırda çoxqütblü dünyanın formalaşdırılmasında mühüm rola malikdir. Çini bir çox ölkələrdən fərqləndirən ən mühüm amil bu dövlətin siyasi alətlərlə deyil, məhz iqtisadi və maliyyə resurslarından istifadə edərək ayrı- ayrı coğrafiyalara nüfuz etməsidir. Bunun nəticəsi kimi, bu gün Afrikanın əksər ölkələri, hətta Yaxın Şərqin zəngin ərəb dövlətləri Çinlə əlaqələrinə xüsusi önəm verirlər.
Politoloq bildirib ki, hazırda dünya ticarətində, kommunikasiya - nəqliyyat coğrafiyalarında mühüm dəyişikliklər baş verməkdədir. Azərbaycanın dəstəklədiyi Orta Dəhliz layihəsi Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əhəmiyyətli dərəcədə üst-üstə düşür, regional əlaqələrin gücləndirilməsi, marşrutboyu sosial-iqtisadi inkişafın təşviqi və qlobal təchizat zəncirlərinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Orta Dəhliz xüsusilə bu ildən etibarən dünyada yaranmış yeni vəziyyətin şərtləri daxilində Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa nəqliyyat dəhlizinin sabit və fasiləsiz fəaliyyətinin təminatçısına çevrilib.
“Ukraynada müharibə başlayandan bəri Orta Dəhlizin nəqliyyat həcmində böyük artımın olması diqqət mərkəzindədir. Ötən illərlə müqayisədə hazırda Azərbaycan vasitəsilə yükdaşımaların həcminin artması, sözsüz ki, rəsmi Bakı ilə Pekin arasında, eyni zamanda, London-Mannheim-Pekin kommunikasiyasında bizimlə adıçəkilən beynəlxalq subyektlər arasında tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirəcək. Prezident İlham Əliyevin Avrasiyanın orta xəttində baş verəcək geosiyasi, geoiqtisadi inqilabi dəyişiklikləri əvvəlcədən düzgün təhlil etməsi nəticəsində nəhəng Avrasiyada son illərdə davam edən ciddi dəyişikliklər fonunda Azərbaycan hadisələrdən illər əvvəl hazır etdiyi alternativ və aktual layihələri ilə öz beynəlxalq mövqeyini möhkəmləndirməyi bacarıb. Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzərin sahilində istifadəyə verilən yükləri qəbul edəcək limanlar, sözsüz ki, Çinin Azərbaycana diqqətinin artması ilə nəticələndi”, - deyə politoloq vurğulayıb.
O əlavə edib ki, Prezident İlham Əliyevin Davosa səfəri zamanı Çinin CGTN televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlərə xüsusi yer ayırmaq vacibdir. Müsahibədə “Bir kəmər, bir yol”, Orta Dəhliz kimi məsələlərə xüsusi diqqət ayrılması ikitərəfli əməkdaşlıq üçün gələcəkdə perspektivlərin daha da genişlənəcəyindən xəbər verir. Həmçinin ölkəmizin Pekinlə münasibətlərə böyük önəm verdiyini bir daha göstərir.
Dəyişən qlobal dünyada Azərbaycan-Çin əlaqələri təkcə iki xalq üçün deyil, bütövlükdə böyük bir coğrafiya üçün ciddi imkanlar açır.
Xəbərin mətnində orfoqrafik səhv var