ELM VƏ TƏHSİL
Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair beynəlxalq konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakıda “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları sentyabrın 21-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra konfrans iştirakçıları Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin də xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.