SİYASƏT


Azərbaycan-Çin münasibətləri inkişaf edir VİDEO

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib ki, tərəflər Azərbaycan və Çin arasında ənənəvi əməkdaşlığın uğurlu inkişafından məmnunluqlarını bildiriblər. Nazirlər hər iki tərəfin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə birmənalı dəstəyin göstərilməsinə dair öz prinsipial mövqelərini dəyişməz saxladıqlarını, Azərbaycan-Çin münasibətlərinin möhkəm siyasi və beynəlxalq hüquqi əsaslarının mövcudluğunu vurğulayıblar.

Nazirlər hər iki dövlətin başçıları səviyyəsində qarşılıqlı əlaqələrin xüsusi əhəmiyyətini qeyd ediblər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə sonuncu işgüzar səfərinə və Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşünün nəticələrinin ruhuna uyğun olaraq, əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bildiriblər ki, Azərbaycan Çinin Avrasiya məkanında əsas tərəfdaşlarından biridir və “Bir kəmər, bir yol” layihəsinin icrasında fəal iştirak edir. Şərq və Qərbi, Asiya və Avropanı birləşdirən bu layihənin icrası artıq iki ölkənin və bütövlükdə regionun xalqları üçün bir sıra nəticələr və maddi faydalar gətirib. Bu xüsusda, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin vacibliyi bir daha vurğulanıb.

Nazirlər bu prosesin dinamik davam etdirilməsinin birgə inkişaf və rifah maraqlarına uyğun olaraq, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın ardıcıl şəkildə dərinləşdirilməsinə kömək edəcəyinə əminlik ifadə ediblər.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcud olduğunu məmnuniyyətlə qeyd ediblər və gələcəkdə də bunu davam etdirmək niyyətlərini bildiriblər.

Görüş nəticəsində, tərəflər arasında mövcud olan qarşılıqlı anlaşmanın səviyyəsini yüksək qiymətləndirən nazirlər Azərbaycan-Çin əməkdaşlığının davam edən inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.