İQTİSADİYYAT


Azərbaycan Çində keçirilən Dünya Limanlar Konfransında təmsil olunur  YENİLƏNİB

Quancou, 8 may, AZƏRTAC

Çinin Quancou şəhərində Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) illik Dünya Limanlar Konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, 50 ölkədən minədək nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" QSC-nin baş direktoru Taleh Ziyadovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Konfransda yeni texnologiyaların tətbiqi ilə limanların davamlı inkişafı, Çinin "Bir kəmər, bir yol" strategiyası çərçivəsində limanların əməkdaşlığı məsələləri müzakirə olunur.

Açılış mərasimində çıxış edən IAPH-ın prezidenti Santyaqo Qarsia Mila bildirib ki, illik konfransın Çində keçirilməsi "Bir kəmər, bir yol" layihəsinin uğurla davam etməsi və dünya ticarətinə verdiyi müsbət töhfə ilə bağlıdır.

O, ötən il Bakıda keçirilən Dünya Limanlar Konfransının yüksək səviyyədə təşkilatçılıq və maraqlı müzakirələrlə yadda qaldığını qeyd edib. Bildirib ki, rekord sayda iştirakçının qatıldığı Bakı konfransı "Bir kəmər, bir yol" strategiyasının orta dəhlizinin artan əhəmiyyətindən xəbər verir.

"Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" QSC-nin baş direktoru T.Ziyadov Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən və geniş ticarət əlaqələri olan Azərbaycanın sahib olduğu nəqliyyat-logistika imkanları, o cümlədən Bakı Limanı "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində vacib rol oynayır.

T.Ziyadov diqqətə çatdırıb ki, Çindən yollanan yüklər 6 gün ərzində Bakı Limanına çatır və buradan qısa müddətdə Avropaya çatdırılır: “Bakı Limanı təkcə Çindən Avropaya ən qısa və təhlükəsiz yol kimi yox, əks istiqamətdə də yüklərin çatdırılmasında mühüm rol oynamaq, regionun vacib nəqliyyat və paylaşma mərkəzi olmaq niyyətindədir”.

Prezident İlham Əliyevin keçən il mayın 14-də Bakı Limanının açılışında iştirak etdiyini vurğulayan baş direktor limanın ən yeni texnoloji avadanlıqla təchiz olunduğunu və müasir tələblərə cavab verən əməliyyat sistemləri ilə işlədiyini deyib: “Məhz bu müasir proqramlaşdırmaya görədir ki, hazırda Bakı Limanının xidmətlərindən istifadə edən yük sahibləri onlayn rejimdə yüklərin yerini və statusunu çox asanlıqla izləyə bilirlər. Bu da öz növbəsində ticarət dövriyyəsinə müsbət təsir göstərir”.

T.Ziyadov Çinin kütləvi informasiya vasitələrinə müsahibələr verib.

Qeyd edək ki, mənzil-qərargahı Tokioda olan IAPH 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los-Anceles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama və 2017-ci ildə Bali kimi böyük liman şəhərlərində keçirilib. Beynəlxalq Limanlar Assosiasiyasının ötən il Bakıda keçirilən konfransında 65 ölkədən 400-dən çox qonaq iştirak etmişdi.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Quancou

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.