DÜNYA
Azərbaycan Çində xidmətlər ticarəti sərgisində təmsil olunacaq
Pekin, 30 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin dəstəyi və ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan sentyabrın 2-dən 7-dək Pekində Çin beynəlxalq xidmət ticarəti sərgisində (China International Fair for Trade in Services - CIFTIS) iştirak edəcək. Bu, Azərbaycanın CIFTIS sərgisində ardıcıl 3-cü iştirakıdır.
AZƏRTAC ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinə istinadla xəbər verir ki, Azərbaycan sərgidə vahid ölkə stendi ilə iştirak edəcək və biznes mühiti, investisiya potensialı, nəqliyyat-tranzit potensialı və turizm resursları təbliğ ediləcək. Azərbaycan stendinə baş çəkən çinli sahibkarlar ölkəmizdə xarici investor üçün yaradılan şərait, təklif edilən imtiyaz və güzəştlər haqqında geniş məlumat əldə edə biləcəklər. Bununla yanaşı, stenddə “Made in Azerbaijan” brendi altında yüksək keyfiyyətli qida və kənd təsərrüfatı məhsulları nümayiş olunacaq.
Qeyd edək ki, CIFTIS xidmətlər ticarəti sahəsində Çinin ən önəmli beynəlxalq sərgisi olmaqla yanaşı, Çində keçirilən ən iri ticarət sərgilərindən də biridir. 2012-ci ildən keçirilən sərginin əsas təşkilatçıları Çinin Kommersiya Nazirliyi və Pekin meriyasıdır. Bununla yanaşı, Dünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı CIFTIS-i daima dəstəkləyən qurumlardır. Builki sərgidə iştirak etmək üçün 153 ölkədən 10 mindən çox iş adamı qeydiyyatdan keçib. Sərgi xidmətlər ticarəti üzrə qlobal sammit, forum, konfrans, ekspozisiya, təqdimat və müzakirələr olmaqla 6 növdə 100-dən çox tədbiri əhatə edəcək. Ümumi ekspozisiya sahəsi 130 min kvadratmetr olan sərginin 11 min kvadratmetri rəqəmsal xidmətlərə aiddir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin