İQTİSADİYYAT
Azərbaycan Cakartada keçiriləcək kompyuter oyunları üzrə VIII Dünya çempionatında təmsil olunacaq
Bakı, 15 iyul, AZƏRTAC
Oktyabrın 6-9-da Cakartada (İndoneziya) kompyuter oyunları üzrə VIII Dünya çempionatı (The 8-th e-Sports World Championship Jakarta 2016) keçiriləcək.
Azərbaycan Kiberidman Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, federasiya bütün 3 rəsmi növ üzrə iştirak üçün müraciət edib. Hazırda iştirakçıların qeydiyyatı aparılır. Qeydiyyat barədə ətraflı məlumatı federasiyanın rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.
Çempionatın birinci qeydiyyat mərhələsi artıq başa çatıb və 37 ölkədən 479 müraciət qeydə alınıb. Onun 15–i Asiya, 14-ü Avropa, 3-ü Amerika, 2-si Okeaniya və 3–ü isə Afrika ölkəsindəndir. Yekun müraciətlərin müəyyən olunacağı ikinci qeydiyyat mərhələsi iyulun 1-dən sentyabrın 4-dək davam edəcək. Bu müddət ərzində iştirakçı federasiyalar milli seçim turniri keçirir və milli yığmanı formalaşdırırlar.
Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda kompyuter oyunları üzrə VI Dünya çempionatı (The 6-th e-Sports World Championship Baku 2014) keçirilib. Çempionatda 6 oyun növü üzrə 30 ölkənin nümayəndəsi iştirak edib.
Beynəlxalq Kiberidman Federasiyasının (IeSF) versiyası üzrə dünya çempionatı milli yığma komandaların iştirak etdiyi yeganə turnirdir. Bu il çempionat “TAFISA World Games” yarışması ilə birlikdə eyni meydançada keçiriləcək.