SİYASƏT


Azərbaycan Cənubi Qafqaz regionunda Litvanın önəmli tərəfdaşıdır - Politoloq

Azərbaycan Cənubi Qafqaz regionunda Litvanın önəmli tərəfdaşıdır -  Politoloq

Bakı, 24 may, AZƏRTAC

Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri ölkələr arasında münasibətləri daha da inkişaf etdirəcək. Azərbaycan–Litva əlaqələri həm ikitərəfli, həm də Avropa İttifaqı və NATO hərbi bloku çərçivəsində davam etdirilir. Azərbaycan Avropa İttifaqına daxil olan doqquz ölkə ilə strateji tərəfdaşlıq haqqında müqavilə bağlayıb. Həmin ölkələrdən biri də Litvadır. Rəsmi Vilnüs hər zaman Azərbaycanın ərazi bütövlüyünü qəbul edib və bu məsələlərlə bağlı beynəlxalq təşkilatlarda bizə dəstək olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

O qeyd edib ki, iki ölkə arasında bu zamana qədər bir çox sənəd imzalanıb. Bu sənədlərdən 2007-ci ildə Vilnüsdə ölkə prezidentlərinin imzaladığı “Birgə Bəyannamə” xüsusilə əhəmiyyətlidir.

“Münasibətlərimizin təməli orta əsrlərə dayansa da, əsasən 30 ilə yaxındır ki, artan xətlə davam edir. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Hər iki ölkə mühüm tərəfdaşdır və qarşılıqlı faydalı imkanların axtarılmasında maraqlıdırlar. Rusiya–Ukrayna müharibəsi, Şərq-Qərb əlaqələrinin intensivləşməsi və yeni ticarət, nəqliyyat–kommunikasiya yollarının qurulması ölkələr arasında münasibətlərin inkişaf etdirilməsini zəruri edir.

Azərbaycan geniş enerji potensialına malikdir və müxtəlif çeşidli resurslarının daşınmasında şaxələndirmə siyasəti həyata keçirir. Bu da Avropa İttifaqına daxil olan ölkələr üçün həm ticarət, həm də təhlükəsizliyin təmin olunması prizmasından maraq kəsb edir. Ona görə də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Onun əsasında dövlətimiz 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatını iki dəfə artıraraq, 20 milyard kubmetrə çatdırmağı planlaşdırır”, - deyə politoloq vurğulayıb.

O əlavə edib ki, Avropada yaranan enerji təhlükəsizliyi fonunda yaşıl və ya bərpaolunan enerji sektoruna maraq daha da artıb. Azərbaycanın yaşıl enerjinin əldə olunması və bu sahədə infrastrukturun qurulmasında böyük imkanları var.

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib ölkə olan Azərbaycan neft, təbii qaz və elektrik enerjisi ixracatı ilə yanaşı, yaşıl hidrogen də ixrac etməyi planlaşdırır. Bütün bunlar Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının strateji çərçivəsinin bir hissəsidir. Əlbəttə, bu münasibətlərin yaranmasında Litvanın da böyük rolu var.

Y.Hacızadə əlavə edib: “Azərbaycan Cənubi Qafqaz regionunda Litvanın önəmli tərəfdaşıdır və iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi çoxşaxəli olaraq, eyni zamanda, informasiya texnologiyaları, logistika, ərzaq və iqtisadiyyatın digər sahələri üzrə də aparılır. Azərbaycanla Litva arasında əlaqələrin genişləndirilməsində çoxlu imkanlar var və hər iki dövlətin yerləşdiyi coğrafi mövqe ölkələrin əhəmiyyətini daha da artırır.

Tərəflər arasında yaranan münasibətlərin əhəmiyyəti haqqında səfər zamanı biznes forumda iştirak edən Prezident İlham Əliyev də bildirərək qeyd etdi: “Bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.