CƏMİYYƏT


Azərbaycan Cənubi Qafqazda və dünyada ictimai-siyasi sabitliyin, sülhün bərqərar olmasında maraqlıdır

Tbilisi, 7 dekabr, AZƏRTAC

Cənubi Qafqaz ölkələrinin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlıq, eləcə də bu ölkələrin Avropa ölkələrinin müvafiq strukturları ilə birgə fəaliyyəti mütəşəkkil cinayətkarlığa, terrorizmə qarşı birgə mübarizədə, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında və digər sahələrdə uğurların əldə olunmasında mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanda akkreditə olunmuş polis attaşelərinin dekabrın 7-də Tbilisidə keçirilmiş forumundakı çıxışlarda səslənib.

Gürcüstan Daxili İşlər Nazirinin müavini Nino Cavaxadze çıxış edərək təmsil etdiyi nazirliyin modernləşdirilməsi istiqamətində görülən işlər, bu sistemdə həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirib ki, Gürcüstan mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə, sərhəd mühafizəsi və digər sahələrdə region dövlətləri, eləcə də Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Nazir müavini bu sahədə əldə olunan uğurlardan danışıb, Gürcüstanda akkreditə olunmuş polis attaşeləri ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin məsul əməkdaşı Katalin German çıxışında deyib ki, Gürcüstanda fəaliyyət göstərən diplomatik korpus və polis attaşe aparatları ilə birgə əməkdaşlıq terrorizmə və mütəşəkkil cinayətkarlığa, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizədə müsbət nəticələr verir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin polis attaşe aparatının rəhbəri, polis polkovniki İmran Mustafayev forumda çıxış edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin fəaliyyəti, beynəlxalq əməkdaşlığa verdiyi önəm barədə ətraflı məlumat verib.

Bildirib ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada ictimai-siyasi sabitliyin, sülhün bərqərar olmasında maraqlıdır. Bunun üçün bütün beynəlxalq təşkilatlar və sülhsevər ölkələrlə əməkdaşlığa hazırdır. O, Azərbaycan ilə Gürcüstanın daxili işlər orqanları arasındakı əməkdaşlığı xüsusi qeyd edib.

Forum Gürcüstanın Daxili İşlər Nazirliyinin və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.