MƏDƏNİYYƏT


Azərbaycan “China Daily” qəzetinin beynəlxalq mediaturunda təmsil olunur VİDEO

Mediaturda “China Daily” qəzetinin dəvəti ilə AZƏRTAC-ın Çindəki xüsusi müxbiri də iştirak edir

İnçuan, 25 iyun, AZƏRTAC

Nüfuzlu “China Daily” qəzeti Çinin Kiberməkan Administrasiyasının dəstəyi ilə “Çin ilə görüş” layihəsinin növbəti mərhələsinə start verib.

AZƏRTAC xəbər verir ki, əcnəbilərin Çini daha yaxından tanıması məqsədi daşıyan layihənin növbəti mərhələsinin açılış mərasimi iyunun 25-də Ninsia Huy muxtar bölgəsinin paytaxtı İnçuan şəhərində keçirilib. Çin rəsmilərinin, diplomatların, xarici media qurumlarının bu ölkədə akkreditə olunmuş nümayəndələrinin, habelə bloger və vlogerlərin iştirak etdiyi mərasimdə bildirilib ki, mediatur dünya ictimaiyyətini ÇXR-in müxtəlif sahələrdə, xüsusilə bölgələrdə həyata keçirdiyi sosial-iqtisadi inkişaf və yoxsulluğun azaldılması layihələri, iqtisadi islahatlar, yerli əhalinin həyat tərzi, mədəni müxtəlifliyi barədə ətraflı məlumatlandırmağı hədəfləyib.

Açılış mərasimində çıxış edən Azərbaycanın Çindəki səfirliyinin müşavir-elçisi Əyyar Hüseynov ölkəmizin coğrafi mövqeyi və multikultural dəyərləri ilə tarixən sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu məkan, şərq ilə qərb arasında körpü rolunu oynadığını deyib. Bildirib ki, Azərbaycan və Çin xalqları arasındakı əlaqələrin tarixi uzaq keçmişə, qədim İpək yolu dövrünə gedib çıxır, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərindəki Çin motivləri həmin əlaqələrə əsaslanır.

Əyyar Hüseynov bu il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu xatırladaraq, ötən müddətdə münasibətlərimizin müxtəlif sahələrdə inkişaf etdiyini, ölkəmizin ÇXR ilə əlaqələrinin daha da möhkəmlənməsinə böyük önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı səmimi dostluq və etimad Azərbaycan-Çin münasibətlərinin daha da genişlənməsi üçün möhkəm dayaq rolunu oynayır.

“China Daily” qəzetinin dəvəti ilə AZƏRTAC-ın əməkdaşının da qatıldığı mediatur iştirakçıları Ninsia Huy muxtar bölgəsinin İnçuan, Ucon və Convey şəhərlərində tarixi məkanlara, sənaye müəssisələrinə, ekoturizm obyektlərinə baş çəkəcək, qurd giləmeyvəsinin vətəni hesab olunan bu bölgədə həmin giləmeyvənin yetişdirildiyi təsərrüfatla, günəş panelləri istehsal edən müəssisə ilə tanış olacaqlar. Mediaturun növbəti mərhələsi isə Çinin Anhuy vilayətini əhatə edəcək. İştirakçılar Anhuyda muzeylərə, tarixi məkanlara, iqtisadi və texnoloji inkişaf zonasına, məşhur Huanşan dağına gedəcəklər.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti ilə AZƏRTAC bir neçə ildir informasiya mübadiləsi, jurnalistlərin təlimi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq edir. “China Daily” ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
İnçuan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.