İDMAN


Azərbaycan Cüdo Federasiyasının xanım idmançıları tibbi və fiziki testlərdən keçiblər

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının (ACF) xanım idmançıları tibbi və fiziki testlərdən keçiblər.

ACF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) elmi-tədris laboratoriyasında Azərbaycan Cüdo Federasiyasının qadınlardan ibarət yığma komandasının üzvlərinin ümumi sağlamlıq və fiziki vəziyyətləri yoxlanılıb.

İdmançıların həkim müayinəsi, əzələ fəaliyyətinin qiymətləndirilməsi (muscle function), bədənin xüsusi tərkibinin ölçülməsi (body composition measurement), sabitliyin (tarazlıq saxlama qabiliyyəti) ölçülməsi (stabilometry), fiziki gərginlik zamanı ürək-ağciyər sisteminin müayinəsi (cpet), 3-D antropometriya və psixoloji testləri edilib.

Proqram hər idmançı üçün fərdi olaraq Böyük Britaniyanın klinik protokollarından (Institute of Sport Exercise and Health, University College London) və ComplexCore+ fiziki hərəkətlər kompleksindən istifadə edilməklə tərtib olunub.

Qeyd edək ki, testlər “ComplexCore+” şirkətinin baş əməliyyat və baş maliyyə direktoru Taro Netzer və elmi-tədris laboratoriyasının mütəxəssisləri tərəfindən həyata keçirilib.

Testlər zamanı idmançıların ümumi sağlamlıq və fiziki vəziyyəti yoxlanılıb. Əldə edilən məlumatlar idmançıların ümumi və fərdi məşq proseslərinin qurulması, həmçinin çəki məsələlərinin idarəedilməsi üçün istifadə ediləcək. Digər vacib istifadə sahəsi isə cüdoçularımızın zədələnmələrinin qarşısının alınması üçün mümkün risklərin müəyyən edilməsi və bununla bağlı önləyici tədbirlərin görülməsidir.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Cüdo Federasiyasının aparıcı kişi cüdoçuları bu testlərdən keçiblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.