İDMAN
Azərbaycan Cüdo Federasiyasının yeni loqosu təqdim edilib
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyası (ACF) inkişaf strategiyasına uyğun olaraq loqotipini yeniləyib.
ACF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni loqotip və korporativ kimlik hazırlanan zaman cüdonun yaradıcısı Ciqaro Kanonun müəyyən etdiyi dəyərlər və idmanın bu növü üzrə mövcud son trendlər əsas götürülüb.
Federasiyanın baş katibi Rəşad Rəsullu əsasını müasirlik, peşəkarlıq və sadəlik təşkil edən loqotipin hazırlanması zamanı bir sıra prinsiplərin əsas götürüldüyünü bildirib: “Sözsüz ki, ilk növbədə loqotip cüdo idman növü ilə assosiasiya edilməlidir və bu baxımdan yeni loqotipdə cüdo fəndi əks etdirilib. Bundan başqa, Azərbaycan bayrağının rənglərindən biri ilə assosiativ çalardan istifadə edilib. Yeni loqotip minimalist üslubda hazırlanmaqla bu sahədə mövcud olan ən son meyllərə də əməl edilib”.
Loqonun modern cizgiləri özündə “A” və “J” hərflərini əks etdirir ki, bu da “Azerbaijan Judo” deməkdir. Təsvirin yaradılmasına fərqli yanaşma nəticəsində cüdoda ən vacib fəndlərdən biri olan “tai-otoshi” - iki cüdoçunun çiyin atışı fəndi loqoda unikal şəkildə vizuallaşdırılıb.
Ölkəmizdə ən sevilən idman növlərindən biri olan cüdonun yeni korporativ kimlik qazanması Azərbaycan cüdosunun beynəlxalq səviyyədə daha çox tanınması və ölkə daxilində cüdonun populyarlaşdırılmasına töhfə verəcək.
Yeni loqotip federasiyanın fəaliyyətində mərhələli olaraq tətbiq ediləcək və prosesin aprelin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.