MƏDƏNİYYƏT
Azərbaycan Daşkənddə keçirilən beynəlxalq konfransda təmsil olunub
Daşkənd, 10 oktyabr, AZƏRTAC
Daşkənd 22-ci Beynəlxalq Turizm yarmarkası çərçivəsində "Xidmət sektoru və turizm: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib.
Özbəkistan təhsil naziri Rüstəm Kasımov, "Özbəkturizm" Milli Agentliyinin rəhbəri Fərrux Rzayev ölkədə turizmin inkişafı, bu sahədə təhsil məsələləri, son illər əldə edilmiş nailiyyətlərdən söhbət açıblar.
Tədbirdə Azərbaycan, Fransa və Hindistanın Özbəkistandakı səfirliklərinin nümayəndələri, habelə Koreya Respublikası və Tailandın turizm sahəsi üzrə təmsilçiləri məruzələrlə çıxış edib, ölkələrinin turizm sahəsində əldə etdiyi nailiyyətlər, bu istiqamətdə Özbəkistanla qurulan əlaqələr barədə məlumat veriblər.
Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun “Turizm sahəsində Azərbaycan təcrübəsi, Azərbaycan-Özbəkistan əməkdaşlığı” mövzusunda məruzəsi maraqla qarşılanıb.
Məruzədə Azərbaycan dövlətinin turizmin inkişafına böyük diqqət verdiyi, 2011-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkədə "Turizm ili" elan edildiyi diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanda böyük infrastruktur layihələrinin həyata keçirdiyi və son illər ölkəyə böyük turist axının olduğu vurğulanıb.
Məruzə ilə yanaşı, Azərbaycanın turizm potensialına dair videoçarx nümayiş olunub.
S.Abbasov Bakı şəhəri, Xəzər dənizinin sahillərindəki istirahət zonaları, Naftalan, Naxçıvan Duzdağ sanatoriyaları, müalicə-kurort mərkəzləri, habelə Azərbaycanda yeni açılan Şahdağ-Qusar, Tufandağ-Qəbələ qış turizm mərkəzləri barədə geniş məlumat verərək, özbək turistləri üçün Azərbaycana səyahət etməyin qaydaları və yeni imkanlarından danışıb.
S. Abbasov statistik məlumatına əsaslanaraq, 2015-ci ildə Özbəkistandan Azərbaycana səfər edənlərin sayının 15 min 185 nəfər olduğunu bildirib, potensialın böyük olduğuna diqqəti cəlb edib.
Konfransın təşkilat komitəsi tədbirin aktiv iştirakçılarını xüsusi mükafata layiq görüb, onların arasında S.Abbasov da var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd