İQTİSADİYYAT
Azərbaycan Daşkənddəki “Özbəkistanın neft və qazı” sərgisində iştirak edir
Daşkənd, 16 may, АZƏRTAC
Azərbaycan Daşkənddə keçirilən “Özbəkistanın neft və qazı - OGU 2019” beynəlxalq sərgisində təmsil olunur.
AZƏRTAC xəbər verir ki, sərgidə 30-dək ölkədən neft və qaz şirkətləri, alimlər, ekspertlər iştirak edir.
Azərbaycanı sərgidə SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti, “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Qreq Raylinin rəhbərliyi ilə nümayəndələr təmsil edir. Azərbaycan şirkətləri öz stendlərində müxtəlif reklam-çap materialları nümayiş etdirir, maraqlananlara bu barədə məlumat verir, açıqcalar paylanılır.
Azərbaycan pavilyonuna böyük maraq olub. “Özbəkneftqaz” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Baxadur Sidikov və onun müavinləri Azərbaycan pavilyonuna baxıblar. Bildirilib ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir.
Neft-qaz sahəsində əlaqələrin inkişafından bəhs edilib, bildirilib ki, ötənilki sərgi çərçivəsində mühüm sənədlər imzalanıb və bu istiqamətdə əməkdaşlıq davam etdiriləcək.
Üç gün davam edəcək sərgi çərçivəsində Azərbaycan nümayəndələrinin bir sıra şirkətlərin təmsilçiləri ilə danışıqlar aparması da nəzərdə tutulub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd