İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcəkdir
Bakı, 13 mart (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sərnişin daşımaları departamentinin kollektivi qarşıdan gələn Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcəkdir.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, bayram və istirahət günlərində sərnişin axınının artması adi hala çevrilmişdir. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. Sərnişin daşımaları departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 əlavə vaqonun qoşulması təmin ediləcəkdir.
Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bileti həmin vaqon qatara qoşulan gün almaq olar.