İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” QSC Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bakı, 25 sentyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenösün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, beynəlxalq və regional nəqliyyat layihələrinin tam gücü ilə işləməsi üçün həyata keçirilən irihəcmli işlər barədə qonağa ətraflı məlumat verib.
Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xətti sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya Bankının iştirakı, cari ilin iyulun 16-24-də Dünya Bankının layihə ilə bağlı ölkəmizdə olan faktaraşdırıcı missiyanın səfərinin nəticələri, “Azərbaycan Dəmir Yolları”nda idarəetmənin təkmilləşdirilməsi, institusional islahatların aparılması və yüksək əməliyyat effektivliyinə nail olunması istiqamətində həyata keçirilən institusional və struktur islahatları barədə müzakirələr aparılıb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenös Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü bildirib, ikitərəfli əlaqələrin bundan sonra daha da artan xətt üzrə davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə icraçı direktoru Verner Qruber və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi iştirak edib.