İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” QSC MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında təmsil olunur
Bakı, 14 may, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları" QSC Finlandiyanın paytaxtı Helsinkidə keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 70-ci iclasında təmsil edilir.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda qurumun sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Tədbirdə Şuranın 69-cu iclasının qərarlarının həyata keçirilməsi və 2018-ci ildə, eləcə də 2019-cu ilin birinci rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, ötən il, həmçinin bu ilin ilk rübü ərzində beynəlxalq sərnişindaşımada görülən işlərin nəticələri, 2019-2020-ci illər üçün qatarların hərəkət cədvəlinin normativləri, konteynerlərin 2018-ci ildə siyahıyaalınmasının nəticələri və cari il üzrə yük qatarlarının siyahıyaalınmasına dair hazırlıqlar, 2018-ci il, eləcə də bu ilin birinci rübündə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti, MDB hökumət başçıları Şurasının 1996-cı il 18 oktyabr tarixli MDB üzvü olan dövlətlərin dəmir yolu nəqliyyatı üçün razılaşdırılmış tarif siyasətinin qurulması konsepsiyasına dair qərarının 2018-ci il üzrə icrası, 2019-cu il üçün "Rusiya Dəmir Yolları" ASC-nin filialı olan Mərkəzi rabitə stansiyasının Şura müdiriyyəti və dəmir yolu administrasiyalarının koordinasiyası üçün rabitə xidmətləri xərclərinin əvəz edilməsi smetası və digər məsələlər müzakirə olunur.
İclasın sonunda yekun protokolu imzalanacaq.
Tədbir çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi, Helsinki dəmir yolu vağzalı ilə tanışlıq da nəzərdə tutulub.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.