İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” QSC bayram günlərində gücləndirilmiş rejimdə çalışacaqdır VİDEO
Bakı, 19 dekabr (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sərnişin daşımaları departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçmişdir.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün sərnişin daşımaları departamentinin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-25 əlavə vaqon qoşulmasını təmin edir.
Ehtiyac yaranacağı təqdirdə 38-37 nömrəli Bakı-Tbilisi sərnişin qatarına əlavə 10-15 vaqonun qoşulması təmin ediləcəkdir.
Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün tətbiq olunur. Gediş sənədlərini internet şəbəkəsi vasitəsilə onlayn rejimində də əldə etmək mümkündür.
Eyni zamanda, sərnişinlər Bakı sərnişin stansiyasında gediş biletlərinin dəyərini, plastik kartlardan istifadə etməklə, bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nağdsız də ödəyə bilərlər.