İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” QSC-də “Yüksəliş” müsabiqəsində uğur qazanmış əməkdaşlarla görüş olub
Bakı, 15 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsində birinci yeri qazananlar sırasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşı da var.
QSC-dən AZƏRTAC-a bildirilib ki, qurumun Maliyyə və İqtisadiyyat İdarəsinin Maliyyə və iqtisadi təhlil şöbəsinin rəisi Orxan Yusibov müsabiqədə qalib olmuş 27 nəfərdən biridir. Qurumun digər əməkdaşı, ADY-nin İnvestisiya İdarəsinin rəis müavini Toğrul Quliyev isə 11 min 760 nəfər arasından idarəçilik bacarıqları və səriştələri ilə fərqlənərək finala çıxan 112 namizəd arasında yer alıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Yüksəliş” müsabiqəsində uğur qazanmış əməkdaşlarla görüşərək onları bu nailiyyət münasibətilə təbrik edib. Sədr onların bu uğurunu ADY ailəsinin sevinci, uğuru kimi qiymətləndirib. Bildirib ki, ölkə üzrə əhəmiyyətli bir müsabiqədə qalib gəlmək onların karyera inkişafına təkan verəcək. Sədr ADY əməkdaşlarına peşəkar iş həyatlarında yeni müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsində 11 min 760 nəfər iştirak edib və onlardan idarəçilik bacarıqları və səriştələri ilə fərqlənən 27 nəfər qalib adını qazanıb.