İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” QSC-də növbəti kollegiya iclası keçirilib
Bakı, 31 mart, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti kollegiya iclası keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, videoformatda təşkil olunan iclasda əvvəlcə 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb. QSC-nin sədri Cavid Qurbanov son illərdə görülən işlər və qarşıda duran məsələlər barədə danışıb. O, Prezident İlham Əliyevin sərəncamları əsasında QSC-nin idarə olunmasına dair tapşırıq və öhdəlikləri diqqətə çatdırıb. Qeyd olunub ki, dövlət başçısının Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, ölkəmizdə həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılmasına töhfə verəcək.
C.Qurbanov dövlət müəssisələrinin fəaliyyətində, eləcə də dəmir yolu sektorunun inkişafı və səmərəliliyin yüksəldilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb. Prezident İlham Əliyevin 2021-ci il fevralın 12-də imzaladığı Sərəncamla “Azərbaycan Dəmir Yolları” QSC-nin də Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildiyini diqqətə çatdıran C.Qurbanov vurğulayıb ki, bütün bu addımlar dövlət şirkətlərinin və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunmasına, onların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Bu qərarlar həyata keçirilən investisiya proqramlarının iqtisadi səmərəsinin yüksəldilməsinə, rəqabət qabiliyyətinin artırılmasına, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasına təsirini göstərəcək.
İclasda dövlət başçısının sərəncamlarında nəzərdə tutulan məsələlərin yerinə yetirilməsini təmin etmək məqsədilə müvafiq struktur bölmələrə aidiyyəti üzrə göstərişlər verilib. Hüquq, maliyyə, insan resursları, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş işlər və qarşıda duran vəzifələr barədə hesabatların hazırlanması və təqdim edilməsi tapşırılıb.
Sədr QSC kollektivinin üzərinə düşən öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcəyinə və qarşıya qoyulan tapşırıqların vaxtında və dəqiq həyata keçiriləcəyinə əminliyini ifadə edib.