İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” QSC yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçmişdir VİDEO
Bakı, 10 iyul (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” QSC yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, isti havalarda sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra zəruri tədbirlər görülür. İnfrastruktur departamentinin əməkdaşları tərəfindən rels bərkidicilərinə, elektrik təchizatı, işarəvermə və rabitə qurğularına gün ərzində bir neçə dəfə baxış keçirilir, yollar quru otlardan təmizlənir.
Sərnişin daşımaları departamenti də hava şəraiti ilə bağlı bir sıra vacib məqamlara diqqəti artırmışdır. Belə ki, reysdən əvvəl sərnişin vaqonlarının sanitariya vəziyyəti, soyuducu sistemi bir daha yoxlanılır. Eyni zamanda, vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi təmin olunur.