İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları”nın 2030-cu ilə qədər strategiyasına dair növbəti müzakirələr aparılıb
Bakı, 3 sentyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) “2030 Korporativ Strategiya”sının hazırlanması məqsədilə mayın 21-də dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalanıb, bu istiqamətdə layihənin icrası davam etdirilir. Sentyabrın 2-də Cəmiyyətin idarə heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə növbəti videokonfrans təşkil olunub.
QSC-dən AZƏRTAC-a bildirilib ki, videokonfrans zamanı “McKinsey&Company” şirkətinin nümayəndələri tərəfindən layihənin gedişatı barədə ətraflı məlumat təqdim edilib və ADY-nin strateji məqsədləri və digər məsələlər müzakirə olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkədə və regionda baş verən son siyasi və iqtisadi yeniliklərdən söhbət açaraq onların ADY-nin fəaliyyətinə mümkün təsirlərini qeyd edib. Sədr dəmir yoluna cəlb olunan investisiyaların məqsədyönlü və səmərəli olması, əməliyyat xərclərinin optimallaşdırılması və xüsusilə tranzit dəhlizlərində gəlirliliyin artırılmasının strateji önəmini vurğulayıb. Həmçinin dünyanın bir çox ölkələrində olduğu kimi, dəmir yolunun sərnişindaşıma sahəsində sosial məsuliyyətinin uğurla davam etdirilməsinin və infrastruktur xidmətlərinin lazımi səviyyədə saxlanılması üçün bu sahələrə investisiya yatırılmasının vacibliyini qeyd edib.
Daha sonra “McKinsey&Company” şirkətinin dəmir yolu sektoru üzrə beynəlxalq ekspertləri tərəfindən “ADY” QSC-nin idarə heyətinə dünyanın ən uğurlu dəmir yollarının təcrübələrindən nümunələr təqdim olunub və ADY-nin strateji məqsədlərinin hansı istiqamətlərdə formalaşdırılmasına dair məsləhətlər verilib.