CƏMİYYƏT
Azərbaycan Diabet Liqasının sədri: Ulu Öndər həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi
Bakı, 14 iyun, Əziz Məmmədov, AZƏRTAC
Dərin intellektə malik olan unudulmaz şəxsiyyət, ümummilli lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərirdi. O, səhiyyənin önəmli və daim aktual sahəsi olan kadr məsələlərinə çox böyük önəm verirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə səhiyyə sistemində aparılan islahatlar xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaradıb. O cümlədən bir sıra tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, bəzi səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi. Ulu Öndər üçün ən vacib sahələrdən biri məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub. Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən xalqımızın sağlamlığı və rifahı naminə həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Respublikanın bütün bölgələrində yeni tibb ocaqları inşa edilir, səhiyyə müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Diabet Liqasının sədri, Respublika Endokrinologiya Mərkəzinin həkimi Yeganə Sultanova söyləyib. O deyib: “Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər 1993-cü ildə xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra sabitlik və təhlükəsizlik təmin edildi, bütün sahələrdə böhran və tənəzzülün qarşısı alındı, ölkə tərəqqi yoluna qədəm qoydu. Ümummilli Lider özünün müdrik siyasəti, sarsılmaz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik, müasir Azərbaycan dövlətinin qurulması ideyasının və xalqımızın müstəqillik arzusunun gerçəkləşməsinə nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə etməklə Şərq ilə Qərb arasında etibarlı körpü rolu oynamağa başlayıb, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib”.