CƏMİYYƏT


Azərbaycan Diabet Liqasının sədri: Yay düşərgələri diabetli uşaqlarda kollektiv və fərdi düşüncəni formalaşdırır

Bu il diabetli uşaq və gənclərimiz üçün iki dəfə yay düşərgəsi təşkil olunub

Bakı, 12 sentyabr, AZƏRTAC

İnsulin kəşf edildikdən sonra Pasiyentlərin Terapevtik Təlimi (PTT) adlandırdığımız özünənəzarətin diabetli insanlara təlim edilməsi prosesi onların həyatında mühüm yer tutur. Bu sadəcə insanı öz xəstəliyi haqqında maarifləndirmə deyil, insanın öz xəstəliyini düzgün idarə etməsi vərdişlərini əldə etməkdir. Ona görə də diabetli gənc insanların PTT-ni yay düşərgəsi zamanı əldə etməsi, onu sərbəst olaraq tətbiq etməsi və bütün bunların professional tibbi personalın nəzarəti altında tətbiqi olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, yay düşərgələri uşaq və gənclərin həyatında mühüm rol oynayır. Yay düşərgələri tədris dövrünün əhəmiyyətli davamıdır. O, uşaqlarda kollektiv və fərdi düşüncəni formalaşdırır. Bu zaman iştirakçılar əyləncə, idman, yeni dostlar, kreativlik, yeni bacarıq və sair əldə edirlər.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Diabet Liqası İctimai Birliyinin (ADL) sədri, Respublika Endokrinoloji Mərkəzinin həkim-endokrinoloqu Yeganə Sultanova söyləyib.

Yeganə Sultanova deyib: “Diabetli uşaqlarımız və gənclərimiz uzun illərdir ki, yay düşərgələrindən məhrum qalmışdılar. Yay düşərgələri inkişaf etmiş ölkələrdə uzun illərdir təşkil olunur. ADL 2000-ci ildən dövlət qeydiyyatına alındığı vaxtdan etibarən diabetli uşaqlar üçün yay düşərgəsi təşkil edir. İlk yay düşərgəsinin təşkilində Türkiyədən professor Rüveydə Bundak respublikanın aparıcı həkimləri ilə birgə iştirak edib. “AzərTürk Diab” proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk yay düşərgəsi uğurla icra olundu və bu günədək hər il diabetli uşaq və gənclər üçün həyata keçirilir. ADL-in tibbi personalı və digər əməkdaşları könüllü və təmənnasız olaraq illər boyunca diabetli uşaq və gənclər üçün yay düşərgəsini sevərək təşkil edir. Çünki bunun onların həyatı üçün nə qədər önəmli olduğunu anlayır. Bu il ilk dəfə olaraq iki dəfə yay düşərgəsi təşkil olunub. Belə ki, diabetli uşaqlarımız və gənclərimiz “Sanofi-Aventis” şirkətinin dəstəyi ilə “İlisu” pansionatında, hər il ADL-ə dəstək olan Gənclər və İdman Nazirliyinin köməkliyilə isə Şüvəlan qəsəbəsindəki “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzində maraqlı vaxt keçiriblər. Bu xeyirxah işdə bizə dəstək olan hər kəsə öz təşəkkürümüzü bildiririk”.

ADL-in sədri bildirib ki, düşərgə çərçivəsində iştirakçılar üçün diabetlə bağlı maarifləndirici təlimlər, əyləncəli, intellektual viktorinalar, stolüstü və kompüter oyunları, idman yarışları keçirilib, tarixi və mədəni yerlərə ekskursiyalar təşkil olunub. Hər iki düşərgədə yüzə yaxın diabetli uşaq və gənc iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.