SİYASƏT
Azərbaycan Diasporuna Dəstək Fondu ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi əməkdaşlıq edəcək
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan Diasporuna Dəstək Fondu ilə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, memorandumun məqsədi dünyanın müxtəlif ölkələrində məskunlaşmış Azərbaycan və türk icmalarının inkişafına qarşılıqlı əməkdaşlıq əsasında dəstək verməkdir. Azərbaycan Diasporuna Dəstək Fondu ilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi xaricdə yaşayan Azərbaycan və türk icmalarının inkişafı istiqamətində aktual məsələlərin birgə müəyyən edilməsi, eləcə də icmaların müxtəlif sahələr üzrə mütəxəssislərinin şəbəkələşməsinə qarşılıqlı dəstək verilməsi barədə razılığa gəliblər.
Həmçinin tərəflər Azərbaycan və türk icmalarının inkişafına xidmət edən müzakirələrin, seminarların və digər tədbirlərin təşkili, Azərbaycan və Türkiyə iqtisadiyyatına qarşılıqlı investisiya qoyuluşlarının təşviqi istiqamətində layihələr də həyata keçirəcəklər.
Xatırladaq ki, Azərbaycan Diasporuna Dəstək Fondu Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanına əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb.