SİYASƏT


Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb

Bakı, 6 iyul, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb.

Fərmana əsasən publik hüquqi şəxs statuslu Azərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsi təsdiq edilib.

Fərmanda deyilir ki, dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli mənəvi dəyərləri sistemləşdirmək, onların ölkə vətəndaşları və xaricdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək və həmvətənlərimizlə əlaqələri daha da genişləndirmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Ölkədə lobbiçilik fəaliyyətinin əsas istiqamət və perspektivlərini dünya azərbaycanlılarının müstəqil Azərbaycan dövləti və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi olan ümummilli lider Heydər Əliyev bəyan edib. Xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayan ulu öndər Azərbaycan diaspor cəmiyyətlərinin problemlərinə və qayğılarına hər zaman böyük həssaslıqla yanaşıb.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni mərhələnin başlanğıcı qoyulmuş, azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olub. Xaricdə yaşayan həmvətənlərimiz bu gün Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb edilib, onların Azərbaycan iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli şərait yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.