SİYASƏT
Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
Bakı, 25 mart, AZƏRTAC
Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbər heyəti Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə ölkəmizdə koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir aylıq əməkhaqqının 100 faizini, işçi heyəti isə 50 faizini köçürüb.
Azərbaycan Diasporuna Dəstək Fondundan AZƏRTAC-a bildiriblər ki, məqsəd pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən fəaliyyətə dəstək göstərməkdir.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti ölkəmizdə koronavirusla mübarizə ilə yanaşı, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılması, nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsi, tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, tibb sahəsində mütəxəssislərin hazırlanması, maarifləndirmə və digər fəaliyyətlərə yönəldiləcək.
Xatırladaq ki, koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyada prioritetə çevrilib.