ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universiteti “Maarifçi” Tələbə Kredit Fondu ilə əməkdaşlıq edəcək
Bakı, 17 yanvar, AZƏRTAC
“Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud yanvarın 17-də Azərbaycan Dillər Universitetində (ADU) olub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev universitetin fəaliyyəti, təhsil sistemi barədə məlumat verib.
R.Mahmud təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən, idarəetmə sistemindən, dəyər və prinsiplərindən danışıb. O, tələbələrin seçilməsi, qiymətləndirilməsi və qəbulu prosesində onların ailə gəlirlərinin və akademik göstəricilərinin nəzərə alındığını söyləyib.
Görüşdə, həmçinin cari ildə fonda ADU-dan tələbələrin cəlb edilməsi, fondun nəzarət orqanı olan Himayəçilik Şurasına universitet üzrə üzv seçilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
“Maarifçi” Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkənin dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib. Tələbələr üçün yaradılmış fondun əsas vəzifəsi aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.