ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universiteti “Mənim Çinim” onlayn fotosərgisi keçirir
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Ümumdünya Foto Gününə həsr olunmuş “Mənim Çinim” adlı müsabiqə qaliblərinin onlayn fotosərgisini keçirir.
Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. Sərgidə ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin Çində təhsil aldıqları müddətdə çəkdikləri fotolar nümayiş olunur. Fotosərginin materialları ilə Konfutsi İnstitutunun “Facebook”dakı səhifəsində tanış olmaq mümkündür. İnstitutun direktoru Rafiq Abbasovun fotoqrafiya sahəsində Azərbaycan-Çin münasibətlərindən bəhs etdiyi ünvanı da orada yerləşdirilib. O, ötən əsrin 60-cı illərində Bakıda ilk Çin fotosərgisinin keçirildiyini, bundan sonra Çində azərbaycanlı fotoqrafların fərdi sərgilərinin təşkil edildiyini, Azərbaycan foto sənətçilərinin UNESCO-nun “İpək yolu gənclərin gözü ilə” beynəlxalq fotomüsabiqəsində və “Humanity Photo Award 10” müsabiqəsində, Çindəki fotofestivallarda iştirak etdiklərini bildirib.
“Mənim Çinim” onlayn fotosərgisinin fəxri qonağı, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin sədri Mirnaib Həsənoğlu ölkəmizdə fotoqrafiyanın tarixindən danışaraq ADU tələbələrinin fotolarını yüksək qiymətləndirib. O qeyd edib ki, fotoqrafiya həvəskarları, foto sənəti ilə maraqlanan gənclər gələcəyin peşəkarlarıdır. Mirnaib Həsənoğlu, həmçinin ADU tələbələrini Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə keçirilən foto kurslarına dəvət edib.