SİYASƏT
Azərbaycan Dillər Universitetində 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur
Bakı, 18 oktyabr (AZƏRTAC). Oktyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Dövlət Müstəqilliyi Gününün ölkəmiz və xalqımız üçün əlamətdar bayram olmasından, bu tarixi günün böyük əhəmiyyətindən danışmışdır. Müstəqilliyimizin çox çətinliklə, günahsız insanların qanları bahasına əldə edildiyini xatırladan prorektor azadlığımızı, müstəqilliyimizi qorumağın vacibliyini vurğulamışdır. ADU-nun tələbəsi olmuş, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin qəhrəmanlıqlarından bəhs edən Ə.Əliyev tələbə gənclərin Azərbaycanın müstəqilliyinin qorunması uğrunda göstərdikləri fədakarlıqlarından söz açmışdır.
Universitetin Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər kafedrasının müəllimi Ramil Quliyev bu günün tarixi haqqında məruzə ilə çıxış etmişdir. Məruzədə 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə dövlətçilik tariximizin yeni mərhələsinin başlandığı və bu gün də uğurla davam etdirildiyi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, dövlət müstəqilliyimiz xalqın əzmkarlığı və ümummilli lider Heydər Əliyevin xilaskarlığı sayəsində qazanılmışdır.
Tədbirdə Azərbaycanın xarici siyasət konsepsiyasından söz açılmış, respublikamızın müstəqilliyinin ilk dəfə Türkiyə, daha sonra digər dövlətlər tərəfindən tanındığı bildirilmişdir. Azərbaycanın 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunmasının beynəlxalq aləmdə ən mühüm uğurlardan biri olduğu vurğulanmışdır.
“Dəyirmi masa” müzakirələrlə davam etmişdir.