ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Dillər Universitetində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. ADU-nun rektoru akademik Kamal Abdulla 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan danışıb.

Vurğulanıb ki, faciədən bir gün sonra ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib: “Ulu Öndərin Moskvada Azərbaycan xalqının səsini bütün dünyaya bəyan etməsi dövrün böyük bir tarixi əhəmiyyətə malik hadisəsi idi. Mən inanıram ki, bu gün şəhidlərimizin ruhu şaddır. Şəhidlərin əziz xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır. Şəhidlərimiz öz qanları hesabına Vətənimizi bütövləşdirdilər, başımızı uca etdilər. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdi. İnamla, Vətən sevgisi ilə qələbəni əldə etdik və sübut etdik ki, biz qələbəyə layiq xalqıq. Qalib xalq mədəniyyətini bundan sonra da nümayiş etdirməirməliyik. Biz sülh şəraitində yaşamaq, qurmaq və qonşularımızla mehriban qonşuluq şəraitində yaşamaq istəyirik. Bu gün biz geridönməz inkişaf mərhələsindəyik. Hər kəs bu inkişafa və uğura öz töhfəsini verməlidir”.

ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri dosent Qorxmaz Mustafayev 20 Yanvar faciəsini tarixi aspektdən təhlil edib. Bildirib ki, 20 Yanvar Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub.

Regionşünaslıq kafedrasının müəllimi Orxan Nəbiyev Azərbaycan tarixinə şərəflə yazılan 20 Yanvar gününün xalqımızın qan yaddaşına həkk olunduğunu bildirib. Qeyd olunub ki, xalqımız həmin hadisələrdə şəhidlər versə də, igid Vətən övladları şanlı qəhrəmanlıq tarixi yaratdı. 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz bu gün etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı Ermənistanın işğalından azad edib, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır, böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır.

Şəhid Ülvi Bünyadzadənin bacısı AMEA-nın müxbir üzvü Könül Bünyadzadə hər il anım günü ilə bağlı Azərbaycan Dillər Universitetində olduğunu söyləyib. Xalq üçün, millət üçün canlarını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsinin daim uca tutulduğunu bildirib. O, şəhidlərin ölməzliyi, əbədiyyəti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin sonunda Filologiya fakültəsinin tələbəsi Rəna Şabanzadə bədii kompozisiya ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.