ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Azərbaycan-Türkiyə ədəbi əlaqələri barədə müzakirələr aparılıb
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” mövzusunda “dəyirmi masa” təşkil olunub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbir bu universitetin Azərbaycan ədəbiyyatı kafedrasının və azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov 1839-cu ildə Osmanlı dövlətinin “tənzimat islahatı”nı qəbul etməsi ilə həyata keçirilən islahatların ədəbiyyata da ciddi təsir göstərdiyini diqqətə çatdırıb. O deyib: “Tənzimat ədəbiyyatı” dövrünün yaranması ilə Türkiyə ədəbiyyatında qəzəl və qəsidəyə əsaslanan, yeni şəkil və məzmuna malik ədəbiyyat formalaşdı”.
Milli Arxiv İdarəsi rəisinin müavini, professor Əsgər Rəsulov Azərbaycan ilə Türkiyə arasında tarixən mövcud olan ədəbi əlaqələrin inkişafından, yanaşma tərzlərindən bəhs edib. Vurğulanıb ki, iki ölkənin dil və mədəniyyətindəki oxşar cəhətlər ədəbi-bədii fikirlərin də bir-birinə bənzəməsində mühüm rol oynayıb.
Sonra ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Nurlanə Mustafayeva “Qardaş köməyi” dərgisini təqdim edib. O, nəşrdə XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının, elminin, siyasətinin görkəmli simaları Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Məhəmməd Əmin Rəsulzadə, Abbas Səhhət, Salman Mümtaz, Məmməd Səid Ordubadinin yaradıcılığı barədə məlumatların yer aldığını bildirib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.