ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində “Bahar günü” festivalı

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Yaponiya Araşdırmalar Mərkəzinin və AWA (Azerbaijan Web of Anime) cəmiyyətinin birgə əməkdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Bahar günü” adlı mədəniyyət festivalı keçirilib. Tədbir iki hissədən ibarət olub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin birinci hissəsində ADU-nun yaponşünas tələbələrinin mahnı və rəqslərdən ibarət konsert proqramı, AWA cəmiyyəti üzvlərinin, ADU-nun tələbələrinin hazırladığı və Azərbaycan dilinə tərcümə olunmuş anime (animasiya və ya cizgi filmi mənasını verən fransız mənşəli yapon sözüdür) təqdim edilib. Kendo təşkilatı tərəfindən müvafiq idman növü nümayiş olunub.

Tədbirin ikinci hissəsində ADU-nun foyesində Yaponiya mətbəxi, incəsənəti, mədəniyyəti, coğrafiyası və idman növlərinin nümayiş olunduğu stendlər təqdim edilib.

Müxtəlif universitetlərdən gələn 300 nəfərə yaxın qonağın iştirak etdiyi tədbirdə diqqətçəkən məqamlardan biri də o olub ki, onlar hər stenddən maraqlı məlumatlar alıb, sonda isə sual-cavab stendinə yaxınlaşaraq, aktiv şəkildə verilən sualları cavablandırıblar. Suallara düzgün cavab verənlər AWA cəmiyyəti və Yaponiya Araşdırmalar Mərkəzi tərəfindən hədiyyə qazanıblar.

Dörd saatdan çox davam edən tədbir Bakının yaponsevərlərini bir araya toplayıb, onları Yaponiya ilə daha yaxından tanış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.