ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində Çin Kommunist Partiyasının ildönümü qeyd olunub

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Kommunist Partiyasının yaranmasının 97-ci ildönümünə həsr olunmuş “Azərbaycan-Çin partiyalararası dialoq: tarix və perspektivlər” adlı tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında hərtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyib. Bildirilib ki, Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikasının Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən tərəflərin marağına səbəb olan Çindən Avropaya və geriyə yüklərin daşınmasında Azərbaycanın tranzit rolu, həmçinin İpək Yolu infrastrukturunun yaradılması və inkişafına dair müzakirələr aparılıb. R.Abbasov, həmçinin ADU-nun Konfutsi İnstitutunun Azərbaycan-Çin siyasi dialoqunun inkişafına verdiyi töhfələrdən, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusu barədə danışıb. Toplunun tərtibçisi R.Abbasov söyləyib ki, Si Cinpin dövlətin idarə edilməsi haqqında fikirlərindən ibarət olan bu kitab Azərbaycan ictimaiyyətinə Çin liderinin siyasi fəlsəfəsini, bu ölkənin daxili və xarici siyasətinin əsas strateji istiqamətlərini daha yaxşı öyrənmək, eləcə də “Çin arzuları” konsepsiyası və Böyük İpək Yolunun bərpasına yönəldilmiş “Bir kəmər - bir yol” layihəsi ilə tanışlıq imkanı verəcək.

Konfutsi İnstitutunun müəllimi İlamu Yibulayin Çin dilinin öyrənilməsinin “Çin arzuları”nın başa düşülməsinə kömək etdiyini söyləyib.

Tədbir çərçivəsində Xuçjou Universiteti tərəfindən Çində təşkil olunan yay düşərgəsində iştirak edəcək ADU-nun Konfutsi İnstitutunun Çin dili kurslarının dinləyicilərinə diplomlar təqdim olunub. Düşərgənin proqramına Çin dilinin intensiv tədrisi, Çinin mədəniyyəti və tarixi üzrə mühazirələr kursu, həmçinin geniş mədəni tədbirlər daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.