ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Hindistanın Divali milli bayramı qeyd edilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Hindistanın Divali milli bayramı qeyd olunub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin Hind dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində bu ali təhsil ocağının prorektoru, dosent Jalə Qəribova iştirakçıların Hindistan mədəniyyəti ilə tanışlıq imkanı qazanacaqlarını deyib.
Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana Divali bayramının tarixindən və xüsusiyyətlərindən danışıb. Vurğulanıb ki, Hindistanın qədim bayramlarından olan Divali ilin ən qaranlıq gecəsinə təsadüf edir. Səfir, həmçinin “Ramayana” hind eposunun məzmunu barədə qısa məlumat verib.
Tədbirin bədii hissəsində tələbələrin və mərkəzin əməkdaşlarının ifasında bir sıra hind rəqsləri və Azərbaycanın məşhur “Sarı gəlin” mahnısı əsasında hazırlanmış rəqs nümayiş olunub, hind dilində mahnılar, şeirlər səsləndirilib.
ADU-nun “Səfir saatı” klubunda ilk mühazirə oxuyan səfirin S.Rana olduğunu xatırladan universitetin rektoru, akademik Kamal Abdulla Azərbaycan ilə Hindistan arasındakı münasibətlərin daim yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Sonda tədbirin təşkilində fəallıq göstərmiş tələbələrə sertifikatlar təqdim edilib.