ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Şərq dillərinin metodikasına dair müzakirələr aparılıb
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfusti İnstitutunda “Şərq dillərinin metodikasının aktual problemləri” mövzusunda seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin dilinin tədrisinin perspektivlərindən, həmçinin Çin mədəniyyətinin öyrənilməsinin əhəmiyyətindən bəhs edib.
Konfutsi İnstitutunun müəllimi Jing Çin heroqliflərinin tarixi, əsas yazılış qaydası, strukturu ilə iştirakçıları tanış edib.
ADU-nun İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin müdiri Emiliya Xudiyeva, Hind Dili və Mədəniyyəti Mərkəzinin müdiri Səidə Mirzəyeva, Yapon Mərkəzinin baş mütəxəssisi Xanım Xəlilova dillərin düzgün tədrisi metodikalarından, təhsil və tədqiqat keyfiyyətini artırmaq üçün atılan mühüm addımlardan danışıblar.
Seminarın sonunda Şərq dillərinin tədrisində innovativ metodların tətbiqi üzrə geniş fikir mübadiləsi aparılıb.