ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində “Şərq ölkələrinin çay mərasimi”

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin bayramı sayılan “Qingming” – “Təmiz işıq bayramı”na həsr olunmuş “Şərq ölkələrinin çay mərasimi” adlı tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yazın gəlişinin, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramın yaranma tarixindən danışıb. R.Abbasov Azərbaycanda çayçılığın inkişafından söz açaraq, respublikanın iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatı sektorunda islahatların aparılması sahəsində ümummilli lider Heydər Əliyevin təşəbbüslərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nı xatırladıb. O, Konfutsi İnstitutunun əməkdaşlarının Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən keçirilmiş ikinci beynəlxalq çay festivalında iştirakından danışaraq, Çin və Azərbaycan çay ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Azərbaycan çayiçmə ənənələri, çayhazırlama üsulları, çay ilə bağlı Azərbaycan əfsanələri və Azərbaycan çay növlərinin xüsusiyyətlərindən söz açıb.

Konfutsi İnstitutunun müəllimi Çen Siaocen bayramlarda ifa olunan nəğmələr və rəqslər, idman yarışları, ilanvarı kağızların uçurdulması, şəhərkənarı gəzintilər və yaz fəslində əkin sahələrində görülən işlər barədə məlumat verib.

Sonra Konfutsi İnstitutunun əməkdaşları, ADU-nun yapon və hind mərkəzləri ənənəvi çaydanlar, fincanlar və digər aksesuarlardan istifadə edərək çaydəmləmə mərasimi keçiriblər.

Xarici dillər kafedrasının müəllimi Ariştə Xudiyeva İngiltərə çay ənənəsi hesab olunan “five o’clock tea” haqqında ətraflı məlumat verib.

Tədbirdə Prezident İlham Əliyevin Lənkəranda çay fabrikinin açılış mərasimində iştirakından, Azərbaycan və Çinin çay mədəniyyəti haqqında videogörüntülər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.