ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində qədim dillərin öyrənilməsinə böyük əhəmiyyət verilir
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində müasir dillərlə yanaşı, qədim dillərin öyrənilməsinə də böyük əhəmiyyət verilir. Klassik dillər deyəndə, ilk növbədə, latın və sanskrit dilləri yada düşür. Sanskrit dili hər bir filoloqun yetişməsi üçün son dərəcə vacib şərtdir. İnanıram ki, sanskritin öyrədilməsi müasir hind dilinin öyrənilməsinə də kömək edəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu fikirləri ADU-nun rektoru akademik Kamal Abdulla Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna ilə görüşündə səsləndirib.
İki ölkə arasında təhsil sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyini deyən Kamal Abdulla bildirib ki, universitetdəki Hindistan mərkəzi öz işini yenidən təşkil edəcək. Bu mərkəz hind mədəniyyətini və elmini təbliğ etməkdə yenə böyük işlər görəcək.
Səfir Bavitlunq Vanlalvavna qeyd edib ki, sanskrit dilinin tədrisi ilə bağlı səfirlik üzərinə düşən məsələlərdə bütün mümkün dəstəyi verməyə hazırdır: “İnanıram ki, Azərbaycan Dillər Universiteti və Hindistanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə müsbət nəticə əldə edəcəyik. Hindistan mərkəzinin fəaliyyətinə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm”.