ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində seminar: “XX əsr Çin tarixi”

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda İkinci Dünya müharibəsinin 73-cü ildönümünə həsr olunmuş “XX əsr Çin tarixi” mövzusunda elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov XX əsrin birinci yarısında Çində baş verən hərbi-siyasi hadisələrdən, Çin xalqının müstəqillik uğrunda mübarizəsindən danışıb, eyni zamanda, İkinci Dünya müharibəsi barədə məlumat verib. Bu müharibədə Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfələr verdiyi diqqətə çatdırılıb.

R.Abbasov 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra müharibə veteranlarının hüquqlarının bərpa edildiyini, onlara xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.

Seminarda Uzaq Şərqdə İkinci Dünya müharibəsi dövründə baş verən hərbi əməliyyatlarda iştirak edən qazilər həmin illərdə yaşanan hadisələrlə bağlı xatirələrini söyləyiblər.

Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyevin “İkinci Dünya müharibəsində Asiya-Sakit okean regionunun hərbi-strateji əhəmiyyəti” mövzusunda elmi məruzəsi dinlənilib.

İkinci Dünya müharibəsində Qafqaz və Asiya-Sakit okean regionlarında gedən siyasi-hərbi, siyasi-iqtisadi hadisələrdən bəhs edən N.Əliyev bu müharibədə faşizm üzərində böyük Qələbədə azərbaycanlı döyüşçülərin, Bakı neftinin müstəsna rolunu vurğulayıb.

N.Əliyev İkinci Dünya müharibəsinə həsr etdiyi kitablarını təqdim edib, bu nəşrlər barədə məlumat verib.

ADU-nun müəllimləri Çin xalqının milli azadlıq mübarizəsinin əsas mərhələləri, Çin Kommunist Partiyasının fəaliyyəti və müharibənin son mərhələsində Çində hərbi-siyasi vəziyyət barədə danışıblar.

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub.

Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Çjan Tsunqo iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.