Azərbaycan Dillər Universitetində tədbir: “Heydər Əliyev və milli-mənəvi dəyərlər”
AzerTAg.az
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətlə respublikada, o cümlədən Azərbaycan Dillər Universitetində silsilə tədbirlər keçirilir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının mart ayı üçün nəzərdə tutulan tədbiri Novruz bayramı ərəfəsində olduğu üçün milli-mənəvi dəyərlərə həsr olunub.
"Heydər Əliyev və milli-mənəvi dəyərlər" adlı dəyirmi masada kafedra müdiri fil.f.d., dosent X.Əsgərova Ulu Öndərin milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlərindən danışıb.
Qonaqlar çıxışlarında Azərbaycan tarixində ilk dəfə olaraq milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı kimi əlamətdar günlərin təqvimdə rəsmi dövlət bayramları kimi qeyd edilməsini Ümummilli Lider tərəfindən xalqın milli dəyərlərinə qayğı və hörmətinin təzahürü olduğunu bildiriblər.
Sonda Heydər Əliyevin Novruz bayramı münasibətilə təşkil olunan tədbirlərdə iştirakını əks etdirən videoçarx nümayiş olunub.


Xəbərin mətnində orfoqrafik səhv var