ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində yeni ixtisaslar tədris olunacaq
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Dillər Universiteti üzrə 2020/2021-ci tədris ili üçün tələbə qəbulu planı təsdiq edilib. Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, tələbə mobilliyinin təmin olunması, о cümlədən qloballaşan cəmiyyətimizin əmək bazarının müasir, xaricidilli mütəxəssislərə tələbatını ödəmək üçün hazırda böyük аktuаllıq daşıyan ixtisaslar üzrə Azərbaycan Dillər Universitetində kadr hazırlığını həyata keçirmək zərurəti yaranıb.
İyirmiyə yaxın xarici dilin tədris edildiyi universitetdə Azərbaycan dili ilə bağlı ixtisasların, eyni zamanda, ölkədə xarici dillərdən birinin rus dili olmasını və s. nəzərə alınaraq bir neçə yeni ixtisasın tədris olunması zəruri bilinib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, təqdim olunan yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının müvəffəqiyyətlə aparılması istiqamətində müzakirələr aparılıb, mövcud maddi-texniki baza, kadr təminatı nəzərdən keçirilib, universitetin imkanları təhlil olunub. Yeni ixtisaslara qəbul mobillik prinsipinin həyata keçirilməsinə də kömək edəcək.
Yeni təklif olunan ixtisaslar üzrə peşəkar kadrlara təhsilin inkişafında, gənc nəslin təlim-tərbiyəsində olan mühüm ehtiyac, universitetin geniş beynəlxalq əlaqələri, yeniliklərə açıq olması, xaricdə təhsil almış çoxsaylı mütəxəssisin mövcudluğu, tələbələr arasında keçirilən sorğuların nəticələri, professor-müəllim heyətinin müxtəlif xarici dillərdə danışmaq imkanları ixtisaslar üzrə müasir ədəbiyyat və resurs bazalarından yararlanmağı mümkün etdiyindən həmin ixtisaslar üzrə keyfiyyətli kadr hazırlığı təmin olunacaq.