ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu “Çin mədəniyyəti” adlı silsilə tədbirlərə başlayıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Çin mədəniyyəti” adlı silsilə tədbirlərə başlanılıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminar Çin Xalq Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Seminarda çıxış edən Azərbaycan Dillər Universitetinin çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova miqrasiya könüllülərinə Çin Xalq Respublikasının yaranma tarixi, Azərbaycanla Çin arasında dostluq və əməkdaşlıq əlaqələri, Konfutsi İnstitutunun yarandığı gündən ölkəmizdə Çin dili və mədəniyyətinin inkişafı yolunda gördüyü işlər, Çin dili və beynəlxalq Çin dili imtahanları haqqında ətraflı məlumat verib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bu cür əməkdaşlığın və layihələrin həyata keçirilməsinin ölkəmizdə müvafiq sahəyə marağın hər gün artdığının göstəricisi olduğunu bildirib. O, Konfutsi İnstitutunun Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Milli Kulinariya Mərkəzi, Turizm və Menecment Universiteti, Dövlət İqtisad Universiteti və Bakı Musiqi Akademiyası ilə əlaqələrindən və görülən işlərdən də danışıb.
Eyni zamanda, Konfutsi İnstitutunun keçirdiyi Çinin ənənəvi “Payızın ortası” və ya Ay festivalında fotoşəkillərin tanıtımı aksiyasında iştirak edən tələbələrin əl işləri nümayiş olunub. Bu bayramın vaxtilə Azərbaycanda keçirilən tarixi Kövsəc mərasimi ilə oxşarlığı, həmrəylik xarakteri daşıyan hər iki bayramın ailə üzvləri, yaxın qohumlar və dostlarla bir yerdə qeyd olunduğu da bildirilib.
Sonda seminarları uğurla keçən könüllülər üçün xüsusi Çin dili kurslarının keçiriləcəyi də bildirilib.