ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli yazıçı, Nobel mükafatı laureatı, ictimai və siyasi xadim Aleksandr Soljenitsının anadan olmasının 100 illiyi ilə əlaqədar “dəyirmi masa” keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbir bu universitetin ruşiyaşünaslıq elmi tədqiqat laboratoriyası və Rusiya Məlumat-Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla A.Soljenitsının rus ədəbiyyatının görkəmli nümayəndəsi olduğunu, onun əsərlərinin bir çox digər ədəbiyyatçılara istiqamət verdiyini söyləyib. A.Soljenitsının əsərlərində daxili köləlik, insanın özü üzərində qələbə qazanmasından bəhs edildiyini deyən rektor Azərbaycan oxucularının yazıçının həyat və yaradıcılığı ilə tanış olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, ADU-nun tələbələri də A.Soljenitsının yaradıcılığına maraq göstərirlər. Bir çox azərbaycanlı ədəbiyyatçıların da repressiya qurbanı olduğunu deyən K.Abdulla Sovet dövründə ilk dəfə ümummilli lider Heydər Əliyevin səyi nəticəsində görkəmli dramaturq Hüseyn Cavidin nəşinin Azərbaycana gətirildiyini xatırladıb. O deyib: “Bu, o deməkdir ki, insanlar heç zaman qəlbi millətlə döyünən şəxsləri unutmurlar. Aleksandr Soljenitsın o yazıçılardandır ki, bu mərhələdən özü keçib və bütün bunları əsərlərində peşəkarlıqla əks etdirib”.

A.Soljenitsının adına “Doma Russkoqo Zarubejya” təşkilatının müdiri Qalina Tyurinanı ADU-da görməkdən məmnunluğunu bildirən rektor bu qurum ilə əməkdaşlıq istiqamətində gələcək nailiyyətlərə ümid etdiyini vurğulayıb.

ADU-da olmaqdan şərəf duyduğunu söyləyən Q.Tyurina Bakının insanları, buradakı mühitlə bağlı xoş təəssüratlarını bölüşüb. O, mədəni mühitin formalaşmasının müsbət hal olduğunu deyib. A.Soljenitsının Sovet dövründə bütün millətlər haqqında yazdığını diqqətə çatdıran Q.Tyurina yazıçının insanlıq, insanın yaşadığı çətin şərait, hisslər, ağır seçimlərdən bəhs edən məsələləri gündəmə gətirdiyini deyib.

“Dəyirmi masa”da ADU rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, dosent Seyfəl Həsənov A.Soljenitsının əsərlərinin Azərbaycan dilinə tərcüməsi prosesindən danışıb.

Sonra ADU-nun beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Aida Yusifzadənin “A.Soljenitsının siyasi baxışları” və dünya ədəbiyyatı kafedrasının dosenti Rasimə Əsədzadənin “A.Soljenitsının ədəbi irsi” mövzularında məruzələri dinlənilib.

Daha sonra Q.Tyurina ADU-nun bakalavr, magistrant və doktorantları qarşısında “Dünyada və Rusiyada A.Soljenitsının 100 illiyi” mövzusunda mühazirə oxuyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.