REGİONLAR


Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin məşhur karyera platformasına daxil olub

Gəncə, 5 iyul, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin tanınmış karyera platforması “Yetenek kapısı”nda qeydiyyatdan keçib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günə qədər 340 mindən çox tələbə və məzun, 1400-dən çox işəgötürən və 170-dən çox universitet “Yetenek kapısı”da qeydiyyatdan keçib. Bunlar arasında xarici universitetlər və həmin ali təhsil ocaqlarının tələbə, məzunları da yer alır.

ADAU-nun bu karyera platformasına qoşulmaqda məqsədi təhsil alan tələbələrinə karyeralarını istiqamətləndirməkdə dəstək olmaq və işəgötürənlərin universitet tələbələrinə çıxışını asanlaşdırmaqdır.

Platforma ilə tələbələr və məzunlar, işəgötürənlər və universitet karyera mərkəzləri vaxt, məkan məhdudiyyətləri olmadan asanlıqla rəqəmsal mühitdə toplaşır, qarşılıqlı əlaqə qururlar. Burada tələbə və məzunlar üçün dövlət müəssisə və təşkilatlarının bütün elanları və digər karyera imkanları da nümayiş etdirilir. Beləliklə hər kəs üçün iş, staj elanları, karyera ilə bağlı mentorluq xidməti barədə məlumat daha əlçatan olur.

“Yetenek kapısı” vasitəsilə tələbələrimiz təhsil və təcrübə məlumatları ilə öz peşəkar profillərini yarada, təcrübə və işəgötürənlər tərəfindən dərc olunan iş elanlarına müraciət edə biləcəklər.

Qeyd edək ki, “Yetenek kapısı” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə bütün universitetlərdə genişləndirilən karyera mərkəzlərinə dəstək məqsədilə həyata keçirilən onlayn karyera platformasıdır və 2019-cu il sentyabr ayından pilot tətbiqinə başlanılıb. İlk dəfə isə 2020-ci ilin fevral-mart aylarında keçirilən “İstedad hər yerdədir” karyera sərgilərində 130 universitet tərəfindən istifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.