REGİONLAR
Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
Gəncə, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 26 fevral – Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ermənilərin 28 il əvvəl Xocalıda törətdikləri bu qətliam, amansızlıq və vəhşiliklərdən danışıb.
Bildirilib ki, Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır. Rektor qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir.
Sonra İctimai elmlər və multikulturalizm kafedrasının professor-müəllim heyəti və tələbələr çıxış edərək soyqırımın dəhşətləri barədə məlumat veriblər.
Sonda tələbələrin hazırladığı kompozisiya nümayiş olunub, Xocalı soyqırımı haqqında çəkilmiş sənədli film izlənilib.