CƏMİYYƏT
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təqvim planında yeniliklər edilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yeni tədris ili üçün Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planında bir sıra yeniliklər var.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, yeni təqvim planına müasir informasiya və təhsil texnologiyalarına əsaslanan ixtisasartırma kursları daxil edilib.
Bu il üçün təsdiq olunmuş təqvim planı ilk dəfə olaraq 1,5 il üçün nəzərdə tutulub. Eyni zamanda, kursların müddətinin Davamlı Tibbi Tədris proqramına uyğun optimallaşdırılması, kursların sayının artırılması, mövzu çeşidinin genişləndirilməsi, yaxın ixtisaslara aid kursların təşkili, tematik kursların mövzuları və bu barədə məlumatlar Səhiyyə Nazirliyinin saytında yerləşdirilib.
Yeni tədris ilində də tədris prosesində modul sistemindən istifadə ediləcək, iş yerində ixtisaslaşma keçmək istəyən həkimlər üçün də şərait yaradılacaq. Belə arzusu olan həkimlərin çalışdıqları müəssisədən institut rəhbərliyinə müraciət göndərməlidir.