ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universiteti bütün dövrlərdə nüfuzlu ali təhsil müəssisəsi olub VİDEO
ADİU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov yeni dərs ilinin başlanması münasibətilə tələbələri və professor-müəllim heyətini təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.
Bu ali təhsil ocağının fəxri məzunu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxışında 35 il əvvəl ilk dəfə bu universitetdə keçirdiyi tələbəlik illərinin təəssüratlarını bölüşüb. ADİU-nun bütün dövrlərdə nüfuzlu universitet olduğunu vurğulayan nazir əlavə edib ki, bu ali təhsil ocağında yaxşı oxuyan tələbələrə necə qiymət verildiyini bilmək üçün Azərbaycan hökumətinin bugünkü tərkibinə nəzər salmaq kifayətdir.
Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev və digər qonaqlar da kollektivi yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər.
Tədbirdə universitetə yüksək balla qəbul olunan gənclərə tələbə biletləri və hədiyyələr təqdim edilib.
Sonra 600-dən çox bal toplayan tələbələr Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin irsi ilə yaxından tanış olublar. Ümummilli Liderin həyatının müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olan tələbələr Mərkəzdən böyük təəssüratla ayrılıblar. 500-dən çox bal toplayan tələbələr isə “Ailə tipli kiçik qrup evi”ni ziyarət edərək, kimsəsiz uşaqlara hədiyyələr aparıblar.
2014/2015-ci tədris ilində ADİU-ya 3 min 273 tələbə qəbul olunub. Tələbələr arasında 12 nəfər 650-dən çox bal toplayıb. Bu göstərici ötən illə müqayisədə 2 dəfə çoxdur. 93 nəfər 600-dən çox bal toplayıb. Ötən il isə bu göstərici 49 nəfər idi. Bu il 500-dən çox bal toplayan tələbələrin sayı 669 nəfər, ötən il isə 357 nəfər olub.
Ən yüksək bal (680) toplayan tələbə, Prezident təqaüdçüsü Emil Alıyev maliyyə fakültəsinə qəbul edilib. Ümumiyyətlə, 650-dən yuxarı bal toplayan 11 tələbə maliyyə, 1 tələbə isə uçot-iqtisad fakültəsində təhsil alacaqlar.
Yeni tədris ilində ADİU-nun magistratura şöbəsinə 524 nəfər daxil olub. Onlardan 5 nəfəri 120-dən, 138 nəfəri isə 100-dən çox bal toplayıb.