ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində “Xaricdə təhsilin gənclərin həyatında rolu” mövzusunda tədbir keçiriləcəkdir
Bakı, 10 fevral (AZƏRTAC). Fevralın 18-də “Azərbaycan - Böyük Britaniya Məzunları” İctimai Birliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Amerika Mərkəzinin təşkilatçılığı ilə “Xaricdə təhsilin gənclərin həyatında rolu” mövzusunda tədbir keçiriləcəkdir.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək tədbir bu ölkədə təhsil almış azərbaycanlı gənc iş adamları tərəfindən qeyri-formal görüş formatında olacaqdır.
Görüşdə xaricdə, xüsusən də Böyük Britaniyada təhsil imkanları və gələcək karyera seçimi barədə müzakirələr aparılacaqdır.
Bu görüşlərin məqsədi tələbələrin və şagirdlərin təhsilə və elmə olan marağını artırmaqdır.
“Azərbaycan - Böyük Britaniya Məzunları” İctimai Birliyinin əsası 2005-ci ildə qoyulmuşdur. Böyük Britaniyada müxtəlif təhsil proqramları çərçivəsində təhsil almış 200-dən çox azərbaycanlı gənc bu birliyin üzvləridir.