ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət İqtisad Universitetində sosial biznes konsepsiyası müzakirə olunub

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sosial biznes: Azərbaycanda reallıqlar və perespektivlər” mövzusunda konfrans keçirilib. Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan konfransın təşkilatçıları UNEC, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycan Yunus Sosial Biznes Mərkəzidir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Ədalət Muradov cəmiyyətə azad kapitalizm ideyasının alternativi olaraq təqdim edilən sosial biznesin özəlliklərindən danışıb: “Burada sahibkarlıq fəaliyyətinin məqsədi mənfəət deyil, cəmiyyətdəki problemlərin həllidir. Bu baxımdan əminliklə deyə bilərəm ki, UNEC müəyyən mənada sosial bizneslə məşğuldur”.

Rektor sosial startapların əhəmiyyətini xüsusi qeyd edib.

Konfransda Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun videomüraciəti yayımlanıb. İştirakçılara uğurlar arzulayan Nobel mükafatçısı ölkəmizə səfərini xatırlayaraq deyib: “Azərbaycan hökuməti insanların problemlərini həll etmək istiqamətində müvafiq addımlar atır. Amma insanlar da həyatlarını özləri qurmaqda fəal olmalıdırlar. Bu, mənim inamımdır”. M.Yunus sosial bizneslə dünyanı dəyişmək mümkün olduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli sosial biznes konsepsiyasının əhəmiyyətindən söz açıb, bu istiqamətdə dövlət tərəfindən müvafiq işlərin aparıldığını və uğurlu nəticələrin əldə olunduğunu deyib.

BAMF-ın prezidenti Umud Mirzəyev UNEC, Yunus Sosial Biznes Mərkəzi və BAMF arasında bağlanan üçtərəfli memorandum çərçivəsində sosial biznesin araşdırılması, akademik tədqiqatların aparılması sahəsində görülən işlərdən danışıb.

ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev ABAD modelinin unikal cəhətlərinə toxunub. O, ABAD-ın bir model olaraq sosial təsiri, insanların sosial biznesə təşviqi istiqamətindəki rolu barədə məlumat verib.

UNEC-in Beynəlxalq Doktorantura və Magistratura Mərkəzinin direktoru, dosent Fariz Əhmədov sosial biznes və dünya təcrübəsindən danışıb, maraqlı faktlar açıqlayıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı sosial biznesin tətbiqində bazar araşdırmalarının əhəmiyyətini qeyd edib, mikromaliyyənin effektinin artırılması istiqamətində görülən işlərdən danışıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sosial biznesin inkişafında regionlarda icma əsaslı birliklərin formalaşdırılması və inkişaf etdirilməsi məsələsinə önəm verdiyini qeyd edib. O, bu icmaların maliyyə mənbələrinə çıxış əldə etməsinin vacibliyini vurğulayıb.

Digər çıxış edənlər sosial biznesin əhəmiyyətini, sosial startapçılıq, sosial biznesdə insan amili, ixrac məsələlərinin gücləndirilməsi, iqtisadi etimadın formalaşması və s. məsələlərə toxunublar. Bu ideyanın vətəndaş təşəbbüslərinin artırılmasında, təsərrüfat sahələrinin inkişafındakı rolu diqqətə çatdırılıb.

Konfrans müzakirələrlə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.