MƏDƏNİYYƏT


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu arasında əməkdaşlığa dair Saziş imzalanıb

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində aprelin 8-dən 12-dək Bakıda S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun 100 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçirilir. Tədbirlərdə iştirak edən Rusiya nümayəndə heyətinə institutun rektoru, Mədəniyyət və İncəsənət Təhsil Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Rusiya Təhsil Akademiyasının akademiki Vladimir Malışev rəhbərlik edir.

AZƏRTAC xəbər verir ki, aprelin 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Bakıda “Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri”nin açılışına həsr olunmuş konsert olub. Konsertdə universitetin tələbələri çıxış ediblər.

Sonra universitetin akt zalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu arasında əməkdaşlığa dair Sazişin imzalanması mərasimi keçirilib. Sənədi universitetin rektoru Ceyran Mahmudova və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru Vladimir Malışev imzalayıblar.

Qeyd olunub ki, əməkdaşlığa dair Sazişin imzalanmasından əsas məqsəd iki təhsil müəssisəsi arasında dost və peşəkar münasibətlərin möhkəmləndirilməsi, xüsusən, birgə festivalların, konfransların, ustad dərslərinin, tələbə mübadiləsinin, yay düşərgələrinin və s. təşkil olunmasıdır. Rektorlar əmin olduqlarını bildiriblər ki, sənəd tezliklə öz müsbət nəticələrini verəcək.

Ceyran Mahmudova diqqətə çatdırıb ki, Rusiyanın bu təhsil ocağı dünyada kinematoqrafiya üzrə ən nüfuzlu ali məktəblərdən biridir. Orada bizim bir çox həmvətənimiz təhsil alıb və indi də bu proses davam edir. Bu mühüm sənədin imzalanması iki universitetin daha çox yaxınlaşması istiqamətində atılan mühüm addımdır.

Vladimir Malışev səmimi qəbula görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib, Azərbaycanın bu ali təhsil ocağının fəaliyyətindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, rəhbərlik etdiyi institutun qapıları hər zaman istedadlı azərbaycanlı gənclərin üzünə açıqdır.

Sonra “Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri” çərçivəsində universitetdə bir sıra tədbirlər – rusiyalı müəllimlərin iştirakı ilə ustad dərsləri, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Kinoklubunun açılışı keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.